İş yerində xroniki darıxma: İnsan niyə çox işləmədən də yorula bilər?

element element element element
İş yerində xroniki darıxma: İnsan niyə çox işləmədən də yorula bilər?

İş yerində xroniki darıxma: İnsan niyə çox işləmədən də yorula bilər?

Amma bunun əksi də mümkündür. Bəzən insan kifayət qədər işləmədiyi halda belə özünü yorğun, həvəssiz və işə qarşı laqeyd hiss edə bilər. Səbəb işin çoxluğu deyil, işin insan üçün kifayət qədər maraqlı, mənalı və inkişaf etdirici olmaması ola bilər.

Bu vəziyyət əmək psixologiyasında boreout anlayışı ilə əlaqələndirilir. Azərbaycan dilində bunu iş yerində xroniki darıxma kimi ifadə etmək mümkündür. Burada söhbət iş zamanı ara-sıra darıxmaqdan getmir. Problem darıxmanın uzun müddət davam etməsi və insanın iş təcrübəsinin davamlı xüsusiyyətinə çevrilməsidir.

Darıxmaq nə vaxt problemə çevrilir?

Monoton və maraqsız tapşırıqlarla qarşılaşmaq hər iş həyatının bir hissəsi ola bilər. Bəzən gördüyümüz iş bizi maraqlandırmır, amma tapşırığı tamamladıqdan sonra bu hiss də aradan qalxır.

Xroniki darıxmada isə vəziyyət daha davamlı xarakter daşıyır. İnsan işə başlayarkən motivasiya hiss etmir, gün ərzində vaxtın keçməsini gözləyir, öz bacarıqlarından kifayət qədər istifadə etmədiyini düşünür və gördüyü işin ona yeni bir şey qazandırmadığını hiss edə bilər.

Bu vəziyyət uzun müddət davam etdikdə işə münasibətə, motivasiyaya və ümumi psixoloji rifaha təsir göstərə bilər.

Xroniki darıxma emosional tükənmə ilə eyni deyil

İş yerində uzunmüddətli narahatlıq və yorğunluq haqqında danışarkən xroniki darıxma ilə emosional tükənməni (burnout) bir-birindən ayırmaq vacibdir.

Emosional tükənmə (burnout) əsasən uzunmüddətli iş stresi və davamlı yüksək tələblərlə əlaqələndirilir. İnsan qarşısında duran iş yükünün, emosional tələblərin və təzyiqin öhdəsindən gəlməkdə çətinlik çəkdikcə tədricən enerjisini və emosional resurslarını itirə bilər. Xroniki darıxmada isə əsas problem çox vaxt əks istiqamətdədir: insan kifayət qədər stimullaşdırılmır.

İş onun bacarıqlarından tam istifadə etməsinə, yeni şeylər öyrənməsinə və özünü inkişaf etdirməsinə imkan verməyə bilər.Sadə şəkildə desək: Emosional tükənmədə iş insandan həddindən artıq tələb edə bilər. Xroniki darıxmada isə iş insana kifayət qədər stimul verməyə bilər.

Bununla belə, bu iki vəziyyət bir-birindən tam təcrid olunmur. Uzun müddət davam edən xroniki darıxma da yorğunluq, enerjisizlik, stress və işə qarşı mənfi münasibətlə müşayiət oluna bilər.

“İşim azdır, amma yenə də yoruluram” — bu necə mümkündür?

İş yükünün az olması avtomatik olaraq insanın özünü yaxşı hiss edəcəyi demək deyil. İnsan üçün fəaliyyətin yalnız miqdarı deyil, məzmunu və psixoloji xüsusiyyətləri də əhəmiyyət daşıyır.

Təsəvvür edin ki, əməkdaş hər gün eyni tapşırıqları yerinə yetirir. İşini artıq yaxşı bildiyi üçün ciddi səy göstərməsinə ehtiyac yoxdur. Yeni problem həll etmir, yeni bacarıq qazanmır, qərarvermədə iştirak etmir və nəticəyə təsir etdiyini hiss etmir.

Zaman keçdikcə iş asanlaşsa da, onun psixoloji yükü arta bilər. İnsan özünü enerjili hiss etmək əvəzinə, iş gününün bitməsini gözləməyə başlaya bilər.

Araşdırmalarda iş yerində daha çox darıxma yaşayan şəxslərdə stress əlamətləri, iş qabiliyyətinin azalması və öz sağlamlığını daha mənfi qiymətləndirmə kimi göstəricilərin də müşahidə edildiyi bildirilir.

Yəni yorğunluğun səbəbi hər zaman görülən işin çoxluğu deyil. Bəzən insanı uzun müddət stimullaşdırmayan iş də yorucu ola bilər.

Problem yalnız monotonluq deyil

Xroniki darıxmanı yalnız “işim azdır” və ya “işim monotondur” ifadələri ilə izah etmək kifayət deyil.

İnsan çoxlu iş gördüyü halda da xroniki darıxma yaşaya bilər. Məsələn, iş zahirən mürəkkəb və məsuliyyətli görünə bilər, amma əməkdaş illər ərzində eyni prosesləri təkrarlayır, yeni bacarıqlar qazanmır və daha mürəkkəb tapşırıqlara keçmək imkanı əldə etmir.

Burada əsas məsələ işin miqdarı deyil, işin insanın bacarıqları və inkişaf ehtiyacları ilə nə dərəcədə uyğunlaşmasıdır.

İş həddindən artıq asan olduqda insanın bacarıqları ilə qarşısında duran tapşırıqlar arasında uyğunsuzluq yarana bilər. Əksinə, insanın bacarıqlarından istifadə etməsinə imkan verilmədikdə də motivasiya zəifləyə bilər.

İnsan işləyir, amma inkişaf etdiyini hiss etmir

İş həyatının funksiyası yalnız gəlir əldə etməkdən ibarət deyil. İnsan işlədikcə yeni bacarıqlar qazanır, problemlər həll edir, qərarlar qəbul edir, təcrübə toplayır və peşəkar kimliyini formalaşdırır.

Bu imkanlar uzun müddət məhdudlaşdıqda insan özünü eyni yerdə dayanmış kimi hiss edə bilər. Xüsusilə bacarıqları və ambisiyaları artan əməkdaş üçün əvvəlki iş artıq kifayət qədər stimullaşdırıcı olmaya bilər. Bu zaman problem mütləq işin “pis” olması deyil; işlə insanın hazırkı ehtiyacları arasında uyğunluğun zəifləməsi ola bilər.

Xroniki darıxma karyeranın müxtəlif mərhələlərində fərqli görünür

Karyeranın başlanğıcında insan adətən öyrənmək, təcrübə qazanmaq və özünü göstərmək istəyir. Lakin ona verilən tapşırıqlar uzun müddət çox sadə və məhdud olduqda gözləntilərlə reallıq arasında fərq yarana bilər.

Karyeranın orta mərhələsində isə başqa vəziyyət ortaya çıxa bilər. İnsan artıq vəzifəsinin əsas tələblərinə yaxşı bələddir və əvvəlki iş ona yeni çətinliklər yaratmır. Bu mərhələdə əməkdaşın ehtiyacı yalnız daha yüksək vəzifə deyil, yeni öyrənmə, məsuliyyət və inkişaf imkanları da ola bilər.

Karyeranın sonrakı mərhələlərində isə işin mənası daha çox ön plana çıxa bilər. İnsan üçün yalnız gəlir və status deyil, gördüyü işin dəyəri, başqalarına təsiri və şəxsi məqsədləri ilə uyğunluğu da əhəmiyyət qazana bilər.

İşi daha stimullaşdırıcı etmək mümkündürmü?

Xroniki darıxmanın qarşısını almaq üçün ilk növbədə işin necə təşkil olunduğuna baxmaq lazımdır.

İnsan müxtəlif tapşırıqlarla qarşılaşdıqda, bacarıqlarından istifadə etdikdə, yeni şeylər öyrəndikdə və müəyyən səviyyədə çətinliklə qarşılaşdıqda iş daha stimullaşdırıcı ola bilər. Burada müstəqillik də mühüm rol oynayır. İnsan öz işi ilə bağlı müəyyən qərarlar qəbul edə bildikdə və iş prosesinə təsir imkanına malik olduqda gördüyü işi daha mənalı qəbul edə bilər.

Bəzən bunun üçün iş yerini dəyişmək də lazım olmur. Tapşırıqların müxtəlifləşdirilməsi, daha çox məsuliyyət verilməsi, yeni layihələrə cəlb olunmaq və qərarvermədə daha aktiv iştirak etmək iş təcrübəsini dəyişə bilər.

Amma məsuliyyəti yalnız işçinin üzərinə qoymaq düzgün deyil. İnsan uzun müddətdir xroniki darıxma yaşayırsa, ona sadəcə “özün üçün işi maraqlı et” demək kifayət etmir. İşin strukturu, idarəetmə tərzi, inkişaf imkanları və təşkilati mühit də nəzərə alınmalıdır.

Süni intellekt xroniki darıxmanı azaldacaq, yoxsa artıra bilər?

Süni intellektin iş həyatına sürətlə daxil olması bu məsələyə yeni bir ölçü gətirir. Bir tərəfdən, süni intellekt təkrarlanan və rutin tapşırıqları avtomatlaşdıraraq insanın daha yaradıcı, mürəkkəb və inkişaf etdirici fəaliyyətlərə vaxt ayırmasına imkan verə bilər.

Digər tərəfdən, texnologiya insanın qərarverməsini və aktiv iştirakını həddindən artıq məhdudlaşdırarsa, onun işi sadəcə sistemi izləmək və nəticələrə nəzarət etməklə məhdudlaşa bilər Bu halda insanın öz bacarıqlarından istifadə etmək və onları inkişaf etdirmək imkanları azala bilər. Ona görə süni intellektin iş həyatına təsirini yalnız “insanı əvəz edəcəkmi?” sualı ilə qiymətləndirmək kifayət deyil.

Daha vacib suallardan biri budur: Texnologiya insanın işini daha mənalı və inkişaf etdirici edir, yoxsa onun işdəki aktiv rolunu azaldır?

Xroniki darıxmanı görməməzlikdən gəlmək olmaz

İş yerində xroniki darıxma ilk baxışda ciddi problem kimi görünməyə bilər. İnsan çox işləmirsə, yorulmasının səbəbi nə ola bilər?

Lakin uzun müddət davam edən maraqsızlıq və stimullaşdırılmama insanın motivasiyasına, işə münasibətinə və psixoloji rifahına təsir göstərə bilər. İnsan öz bacarıqlarından istifadə etmədikcə həm inkişaf imkanlarını itirə, həm də iş yerində malik olduğu imkanlardan tam istifadə edə bilməyə bilər.Bu səbəbdən iş yerində rifah haqqında danışarkən yalnız “İş yükü nə qədərdir?” sualını vermək kifayət deyil.

Bəzən başqa bir sual da eyni dərəcədə əhəmiyyətlidir: “Bu iş insanın bacarıqlarından istifadə etməsinə, öyrənməsinə və inkişaf etməsinə kifayət qədər imkan yaradırmı?”

Çünki insanı yalnız həddindən artıq iş yormur. Uzun müddət stimullaşdırmayan, inkişaf imkanı verməyən və mənasız görünən iş də insanın enerjisini azalda bilər.