Sizin arzunuz, onun həyatı : sərhəd harada başlıyır?
Demək olar ki, hər bir valideyn övladını həm bu gün, həm də gələcəkdə necə görmək istədiyini xəyal edir. Uşaq dünyaya gəlməmişdən əvvəl belə, onun necə olacağı, hansı adı daşıyacağı, uşaqlığının necə keçəcəyi barədə düşünürük. Gələcək uğurları, həyatda nələrə nail ola biləcəyi ilə bağlı ümidlər və arzular formalaşır. Bu, valideynlik təcrübəsinin təbii bir hissəsidir.
Valideyn gözləntiləri niyə zərərli ola bilər
Əksər hallarda valideyn gözləntiləri qayğı və sevgi kimi qəbul edilir. Lakin bu gözləntilər uşağın real imkanlarını aşdıqda və ya onun inkişaf tempinə uyğun olmadıqda, təsiri dəyişir. Dəstək və motivasiya əvəzinə, uşaq bu gözləntiləri təzyiq kimi hiss etməyə başlayır. Bu isə onun psixoloji vəziyyətinə və özünə münasibətinin formalaşmasına birbaşa təsir göstərir.
Daim yüksək tələblərlə üzləşən uşaq valideynlərini məyus etmək qorxusu ilə yaşaya bilər. Zamanla bu qorxu davamlı gərginliyə çevrilir və uşaq inkişaf etməyə deyil, səhv etməməyə fokuslanır. Onun əsas məqsədi öyrənmək yox, məyus etməmək olur.
Bunun mümkün nəticələri
- Yeni şeylərdən çəkinmə. Uşaq uğursuzluq qorxusu ilə risk etməkdən imtina edir.
- Özünə inamın azalması. Səhvlər inkişafın bir hissəsi kimi deyil, şəxsi uğursuzluq kimi qəbul olunur.
- Yüksək stress səviyyəsi. Uşaq daim gözləntilərə uyğun olmağa çalışaraq daxili gərginlik yaşayır.
Uşağın dəyəri və uğur arasındakı incə xətt
Valideynlər uşağa açıq və ya dolayı yolla belə bir mesaj ötürdükdə: “Yalnız qalib olsan, səninlə fəxr edərik”, uşaq psixoloji tələyə düşür. Xaricdən bu, motivasiya kimi görünə bilər — inkişaf, nailiyyət, potensialın reallaşdırılması istəyi kimi. Amma uşaq psixikası bu mesajı başqa cür oxuyur: mənim dəyərim uğurlarımdan asılıdır.
Bu mexanizmə diqqət çəkən ilk alimlərdən biri humanist psixologiyanın banilərindən olan Karl Rocers olmuşdur. O, şərti müsbət qəbul anlayışını irəli sürmüşdür. Bu, valideynin sevgisinin, qəbulunun və yaxınlığının uşağın davranışından, nəticələrindən və gözləntilərə uyğunluğundan asılı olduğu vəziyyəti ifadə edir.
Rocersə görə, belə şəraitdə uşaqda tədricən təhrif olunmuş “Mən” anlayışı formalaşır. Uşaq artıq kim olduğu ilə deyil, valideynləri itirməmək üçün kim olmalı olduğu ilə maraqlanmağa başlayır. Onun real “Mən”i geri çəkilir, yerini valideyn gözləntiləri əsasında formalaşmış “ideal Mən” tutur.
Bu, gündəlik həyatda necə görünür?
Bir çox ailələr üçün tanış bir mənzərəni təsəvvür edək: uşaq yaxşı oxuyur, olimpiadalarda iştirak edir, idmanla və ya musiqi ilə məşğul olur. Hər uğur “bax, məhz belə olanda səninlə fəxr edirik” kimi sözlərlə möhkəmləndirilir. Səhvlər isə — açıq şəkildə olmasa da — məyusluq, səssizlik və emosional uzaqlaşma ilə müşayiət olunur.
Zamanla uşaq sadə bir əlaqəni mənimsəyir:
uğur = sevgi, uğursuzluq = qəbulun itirilməsi riski.
Psixoloji müşahidələr və tədqiqatlar göstərir ki, bu şəraitdə daxili motivasiya zəifləyir, yerini xarici motivasiya tutur. Uşaq maraqlandığı üçün deyil, başqa cür mümkün olmadığı üçün çalışır. Onun fəaliyyəti qorxu ilə — uyğun gəlməmək və rədd edilmək qorxusu ilə dəstəklənir.
Uzunmüddətli təsirlər
Sağlam özünə dəyər hissi əvəzinə uşaqda xroniki narahatlıq və daimi xarici qiymətləndirməyə yönəlmə formalaşır. Yetkin yaşlarda bu, aşağıdakı şəkildə özünü göstərə bilər:
- Səhv etməkdən qorxmaq və riskdən qaçmaq;
- Perfeksionizm;
- Əldə edilən uğurların “yetərli olmaması” hissi;
- Daxili sual: “Mən kifayət qədər yaxşıyam?”;
Beləliklə, “daha yaxşı olmalısan” mesajı, hətta qayğı niyyəti ilə deyildikdə belə, uşağın həm psixoloji rifahını, həm də real potensialını zədələyə bilər.
Müqayisə motivasiya yox, zəhər olanda
“Filankəsin uşağı isə…” kimi ifadələr tez-tez stimul, nümunə və ya “sağlam rəqabət” kimi təqdim olunur. Lakin psixoloji tədqiqatlar göstərir ki, uşaqlar üçün bu cür müqayisələr nadir hallarda motivasiya yaradır. Əksinə, onlar çox vaxt öz dəyər hissini zəiflədən amilə çevrilir.
Sosial psixologiyada Leon Festingerin sosial müqayisə nəzəriyyəsinə görə, insanlar özlərini təbii olaraq başqaları ilə müqayisə edirlər. Lakin burada əsas məsələ kontekstdir. Əgər müqayisə dəstək və qəbul olmadan baş verirsə, o, inkişaf üçün istiqamət yox, davamlı daxili gərginlik mənbəyinə çevrilir.
Xüsusilə dağıdıcı olan yuxarıya doğru müqayisədir — özünü daim “daha uğurlu”, “daha düzgün” insanlarla ölçmək. Emosional dəstək olmadıqda bu, uşaqda yetərsizlik və gücsüzlük hissini gücləndirir. Psixikada belə bir inanc formalaşır: nə etsəm də, bu kifayət deyil.
Bu mexanizmi Alfred Adler də təsvir edirdi. Onun fikrincə, özünü daim başqalarından “pis” hiss edən uşaq inkişaf etməyə deyil, utancdan qaçmağa çalışır. Bu isə motivasiyanın tamamilə fərqli istiqamətidir.Nəticədə uşaq öz daxili maraqlarına deyil, xarici qiymətləndirməyə fokuslanır. Özün olmaq istəyi yerini başqalarından geri qalmamaq ehtiyacına verir. Bu asılılıq isə böyüklükdə narahatlıq, qərar verməkdə çətinlik və özünə inamsızlıqla müşayiət olunur.
Uşaq “ikinci şans” olanda
Daha az görünən, lakin az zərərli olmayan mexanizmlərdən biri — valideynlərin həyata keçirə bilmədikləri arzuları uşaqlar vasitəsilə reallaşdırmağa çalışmasıdır. Psixoanalitik yanaşmada bu hal narsisistik genişlənmə kimi təsvir olunur. Uşaq müstəqil şəxsiyyət yox, valideynin davamı, onun “ikinci həyatı” kimi qəbul edilir.
Valideyn bunu çox vaxt yaxşı niyyətlə edir: “Mən bilirəm nə doğrudur”, “Onun mənim etdiyim səhvləri etməsini istəmirəm”. Amma bunun arxasında tez-tez öz həyat hekayəsini uşağın nailiyyətləri ilə düzəltmək arzusu dayanır.
Psixoanalitik Alis Miller bu prosesi «İstedadlı uşağın dramı» kitabında ətraflı təsvir edir. O qeyd edirdi ki, belə ailələrdə uşaqlar valideynlərin emosional ehtiyaclarına uyğunlaşmaq üçün erkən yaşlardan öz həqiqi hiss və istəklərini sıxışdırırlar. Uşaq “rahat”, uğurlu, uyğun olur — amma kim olduğunu getdikcə daha az hiss edir.
Bu uyğunlaşmanın qiyməti dərhal görünmür. Yetkinlik dövründə bu, belə təzahür edə bilər:
- zahiri uğurlara baxmayaraq mənasızlıq hissi,
- daxili boşluq,
- öz istəklərini anlamaqda çətinlik,
- heç vaxt şüurlu şəkildə seçilməmiş bir ssenari üzrə yaşamaq.
Risk uşağın heç nəyə nail olmamasında deyil. Risk ondadır ki, o, başqasının həyatını yaşayır. Valideyn gözləntiləri uşağın potensialını əvəz etdikdə, uşaq uğurlu ola bilər — amma öz istedad və meyllərini kənara qoyaraq.
Uşağın təbiətinə qarşı getməmək
Valideyn gözləntilərinin necə formalaşdığını anlamaq vacibdir, lakin bu, yolun yalnız yarısıdır. Əsas məsələ — öz təsəvvürlərini konkret uşağın real xüsusiyyətləri ilə uzlaşdırmaqdır. Gözləntilər yalnız o zaman faydalı olur ki, onlar abstrakt ideal üzərində deyil, uşağın maraqları, temperamentı və inkişaf ritmi üzərində qurulsun.
Hər uşağın öz “təbiəti” var — anadangəlmə xüsusiyyətlərin, meyllərin və şəxsiyyət cizgilərinin birliyi. Bu xüsusiyyətləri zorla dəyişmək mümkünsüzdür və bu, psixoloji zərər bahasına başa gəlir. Uşağı yad bir ssenariyə uyğunlaşdırmaq cəhdləri çox vaxt inkişaf yox, müqavimət və motivasiya itkisi yaradır.
Dəstək müşahidə və dialoqdan başlayır: uşağı nəyin maraqlandırdığı, özünü harada rahat hiss etdiyi, hansı fəaliyyətlərin ona sevinc gətirdiyi. Böyüyün vəzifəsi istiqamət diktə etmək deyil, potensialın təbii şəkildə üzə çıxa biləcəyi mühit yaratmaqdır. Motivasiya ilə təzyiqi ayırd etmək də vacibdir: motivasiya marağı və “mən bacarıram” hissini gücləndirir, təzyiq isə səhv qorxusu və qiymətləndirmə asılılığı yaradır.
Nəhayət, uşağın şəxsi sərhədlərinə və öz fikrinə hörmət zəiflik deyil, tərbiyənin təməlidir. Böyüklər uşağı nəticələrdən asılı olmayaraq dəyərli olduğunu göstərdikdə, ona ən vacib şeyi verirlər — daxili dayaq hissini. Məhz bu şəraitdə inkişaf davamlı, münasibətlər isə canlı və etibarlı olur.